Fevralın 26-da 71 yaşı tamamlanan Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 2002-2024-cü illərdəki 18 ümumxalq səsverməsinin 17-dən qalib çıxıb.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü ildən baş nazirlik edib, 2014, 2018 və 2023-cü illərdə prezident seçilib.
Ədalət və İnkişaf Partiyası 2002, 2007 və 2011-ci illərin parlament seçkilərini udaraq təkbaşına hökumət qurub.
7 iyun 2015-ci ilin seçkisində də önə çıxan partiyanın təkbaşına hökumət qurması mümkün olmayıb, növbədənkənar seçkiyə gedilib, 1 noyabr seçkisində qalib gələn Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
Partiya 2004, 2009, 2014 və 2019-cu illərin bələdiyyə seçkilərində də üstün gəlib.
Ədalət və İnkişaf Partiyası konstitusiyaya yenilik referendumlarında da uğur əldə edib. 2007 və 2010-cu illərin referendumlarında parlament idarə üsulu cilovlanıb, 2017-ci ilin referendumunda prezident idarə üsuluna keçid təklifi dəstək qazanıb.
2014-cü ildən prezidentlik edən Rəcəb Teyyub Ərdoğan 2018-ci ilin uduşlu parlament və prezident seçkilərindən sonra həm də hökumət başçısı statusu alıb.
14 may 2023-cü ildə yenə qoşa seçki keçirilib, Ədalət və İnkişaf Partiyası parlament çoxluğunu götürüb, prezident seçkisi ikinci tura – mayın 28-nə qalıb, Rəcəb Teyyub Ərdoğan kürsüsünü qoruyub.
2024-cü ildə keçirilmiş bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ikinci yeri tutaraq ilk dəfə məğlub olub.