Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri müxalif alyansı önə çıxarır. Hesabata görə, Xristian Demokrat və Xristian Sosial ittifaqları 630 nəfərlik Bundestaqa 208 yer əldə edir.
Almaniya Üçün Alternativ Partiyası 151, Sosial Demokrat Partiyası 121, Yaşıllar Partiyası 85, Sol Partiya 64 mandatla göstərilir, 1 mandat bölgə partiyasına qismət olur.
Hökumət qurmaq üçün 316 mandat gərəkdir.
2021-ci ilin parlament seçkisindən sonra Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası və Azad Demokrat Partiyası koalisiyaya girib, Sosial Demokrat Partiyasının təmsilçisi Olaf Şolts hökumət başçısı – kansler seçilib. 2024-cü ilin noyabrında Azad Demokrat Partiyası koalisiyanı tərk edib, hökumət böhranı yaranıb. Bundestaq dekabrın 16-da hökumətə etimadsızlıq göstərib, prezident Frank-Valter Ştaynmayer dekabrın 27-də parlamenti buraxaraq növbədənkənar seçki təyin edib.
23 fevral seçkisinin ilkin nəticələri kansler kürsüsünə Fridrix Mertsin oturacağını göstərir. 1955-ci il təvəllüdlü Fridrix Merts hüquqşünasdır, 1972-ci ildən Xristian Demokrat İttifaqının üzvüdür. 2022-ci il yanvarın 31-də partiya lideri seçilib.
1989-1994-cü illərdə Avropa Parlamentinin, 1994-2009-cu illərdə Bundestaqın deputatı olub, 2021-ci ildə yenidən ölkə parlamentinə mandat alıb.