Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri 180 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə ixrac, 170 ölkədən idxal qeydə alınıb, 2023-cü illə müqayisədə ixrac real ifadədə 7,4 faiz azalıb, idxal 3,1 faiz artıb.
Başqa açıqlamaya əsasən, yanvarda sənayedə 2024-cü ilin ilk ayına nəzərən 2,6 faiz, sərmayə qoyuluşunda 50 faiz geriləmə, pərakəndə ticarət dövriyyəsində real ifadədə 3,7 faiz artım rəsmiləşib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, yanvarda bölgədə ümumi daxili məhsul üzrə 2,2 faiz, sənaye istehsalı üzrə 4,5 faiz artım, sərmayə qoyuluşu üzrə 27,6 faiz, kənd təsərrüfatı istehsalı üzrə 4,4 faiz azalma olub.
Nəqliyyat sektorunda yük daşınmasının 1,1 faiz, sərnişin daşınmasının 0,8 faiz, informasiya və rabitə xidmətlərinin dəyərinin 13,5 faiz, pərakəndə ticarət dövriyyəsinin 3,6 faiz, ödənişli xidmətlərin dəyərinin 11,4 faiz artdığı, xarici ticarət dövriyyəsinin 32,6 faiz gerilədiyi vurğulanır, yanvarın 1-nə orta aylıq nominal əməkhaqqı 782,4 manat göstərilir.