ABŞ prezidenti Donald Tramp keçmiş məmurlar Mayk Pompeo və Brayn Huku dövlət mühafizəsindən məhrum edib. Hər iki şəxs 2017-2021-ci illərdə – Donald Trampın ilk prezidentliyi dövründə yüksək postlar tutub. Mayk Pompeo 2018-ci ilin aprelindən 2021-ci ilin yanvarınadək dövlət katibi, Barayn Huk 2018-ci ilin sentyabrından 2020-ci ilin avqust ayınadək prezidentin İran üzrə xüsusi nümayəndəsi, eyni zamanda dövlət katibinin baş siyasi müşaviri olub.
Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-ın İrana qarşı təzyiq kampaniyasına əsasən Pompeo, Huk və 2018-2019-cu illərdə dövlət başçısının milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Bolton rəhbərlik ediblər.
Dövlət Departamenti İran rejiminin Pompeo, Huk və Boltonu öldürməyə cəhd göstərdiyi haqda kəşfiyyat məlumatlarını nəzərə alaraq onların vəzifədən gedəndən sonra da dövlət mühafizəsi ilə təmin olunması barədə qərar çıxarmışdı.
Pompeo dövlət katibi postundan gedəndən sonra avtomatik şəkildə bir neçə ay dövlət mühafizəsi altında olub. Ona görə onun İran təhlükəsi ilə əlaqədar dövlət mühafizəsi ilə təmin olunması haqda qərar istefasından bir müddət sonra qəbul edilib.
Huk və Boltona avtomatik şəkildə dövlət mühafizəsi düşmədiyi üçün onların mühafizə ilə təmin olunması qərarı istefalarından sonra qəbul edilib.
Birinci prezidentlik dövrünü başa vurandan sonra Donald Trampın Mayk Pompeo, Brayn Huk və Con Boltonla münasibətləri soyuyub. Keçmiş məmurlar rəsmi təqiblərə məruz qalan Trampı müdafiə etməyiblər.
2025-ci il yanvarın 20-dən ikinci prezidentliyinə başlayan Donlad Tramp əvvəlcə Con Boltonun dövlət mühafizəsindən məhrum olunmasına qərar verib. Az sonra Trampın Pompeo və Huku da dövlət mühafizəsindən məhrum etdiyi aydınlaşıb.
1946-cı il təvəllüdlü Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub, 2021-ci il yanvarın 20-də postunu tərk edib.
Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində Demokratlar Partiyasının namizədi Kamala Harrisi yenib, dekabrın 17-də Seçicilər Kollegiyası onu prezident seçib. 2025-ci il yanvarın 6-da Konqres (Nümayəndələr Palatası ilə Senatın birgə iclası) seçkinin nəticələrini təsdiqləyib və Donald Tramp yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Mənbə: Aljazeera.com