600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin hazırda 593 üzvü var. Tbmm.gov.tr bildirir ki, Ədalət və İnkişaf Partiyası parlamentdə 268, Cümhuriyyət Xalq Partiyası 130 mandatla təmsil olunur.
Xalqların Bərabərlik və Demokratiya Partiyasının 57, Milliyyətçi Hərəkat Partiyasının 47, Yaxşı Partiyanın 28, Yeni Yol Partiyasının 25 mandatı var.
Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Demokratiya və Sıçrayış Partiyası 2, Əmək Partiyası 2, Gələcək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1, Səadət Partiyası 1, müstəqillər 16 mandata sahibdir.
Ədalət və İnkişaf Partiyasına prezident Rəcəb Teyyub Ərdoğan sədrlik edir.
1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetində iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.
Siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub.
1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da, 2018-ci il iyunun 24-də və 2023-cü il mayın 28-də prezident seçilib.
2018-ci ilin seçkisindən sonra prezident həm də hökumət başçısıdır.