“Europe’s Edge” onlayn jurnalında “Moskva müharibəyə haqq qazandırmaq üçün sovet obrazlarından istifadə edir” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalənin müəllifi, ukraynalı jurnalist Nikita Vorobyov vurğulayır ki, Rusiya prezidenti Vladimir Putin imperialist siyasətinə haqq qazandırmaq üçün tarixi təhrif etməklə məşğuldur: “Məsələn, Putinin iddiasına görə, Ukraynanı bir dövlət kimi 1922-ci ildə Lenin yaradıb, Krım yarımadası isə bir başqa sovet lideri Xruşşovun Kiyevə hədiyyəsidir.
2022-ci ilin fevralında Ukraynada geniş müharibəyə başlayandan Kreml sovet irsi üzərində manipulyasiyaları daha da gücləndirib. Rusiyada 2022-ci ildə keçirilmiş bir sorğuda respondentlərin 63 faizi SSRİ-nin dağılmasından təəssüfləndiyini söyləmişdi (1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan – red.). Kreml sovet rejiminin törətdiyi cinayətləri yaddan çıxarmış bu cür insanların keçirdiyi nostalji hisslərdən, həm də tarixi unutqanlıqdan çox məharətlə yararlanır.
Rusiya şəhərləri sovet dövrünü xatırladan plakatlarla, reklam lövhələri ilə doludur. Son üç ildə geniş vüsət almış bu prosesdə Ukraynadakı müharibəni Böyük Vətən Müharibəsi (sovet dövründə SSRİ-nin İkinci Dünya müharibəsində iştirakı belə adlanırdı, o müharibə Rusiyada hələ də bu cür anılır) ilə eyniləşdirmək cəhdləri aşkar gözə çarpır (1939-cu ildə Almaniya və müttəfiqləri İkinci Dünya müharibəsinə başlayıb. 1941-ci ildə Almaniya SSRİ-yə hücum edib, bu müharibə 1945-ci ildə SSRİ və müttəfiqlərinin qələbəsi ilə bitib – red.).
Məsələn, nəhəng bir plakatda çağdaş Rusiya ordusunun əsgəri ilə sovet əsgərinin yanaşı təsvir edildiyini görmək olar. Plakatın üstündə isə bu sözlər yazılıb: “Qələbə bizimdir”, “Özümüzünküləri darda qoymuruq”.
Rusiya Federasiyasının Sovet İttifaqının varisi olduğu, yəni Rusiyanın sovet mirasına haqqı çatdığı təbliğatı Putin hakimiyyətinin yürütdüyü siyasətin ana tezislərindən biridir. Bununla, həmçinin SSRİ-ni çar Rusiyası imperiyasının varisi kimi qələmə verməklə Putin öz tezisinə legitimlik qazandırmağa cəhd göstərir.
Ukraynanı nasist Almaniyası ilə eyniləşdirən tezis də bunun məntiqi davamıdır. Həmin tezis 2014-cü ildən Rusiya siyasətçilərinin açıqlamalarında dövr edirdi, 2022-ci ildən isə müharibə ilə bağlı vizual təşviqat materiallarında əksini tapmaqdadır.
2022-ci ildə, müharibənin ilk günlərində hazırlanmış bir təşviqat rəsmində Ukraynanın Xarkov vilayətində yaşlı kənd qadınının əlində sovet bayrağı ukraynalı əsgərlərə yaxınlaşdığı təsvir olunur. Ukraynalı əsgərlər humanitar yardım əvəzində bayrağı onun əlindən almağa səy göstərir, lakin qadın bayrağı verməkdən də, yeməyi götürməkdən də imtina edir”.
Məqalədə deyilir ki, Putinin təbliğatçıları plakatla kifayətlənməyiblər, sovet bayrağı uğrunda yardımdan keçən kəndli qadın obrazını heykəllə də “əbədiləşdirməyə” çalışıblar, Voronejdə və Mariupolda (Ukraynanın şəhəridir, işğal olunub – red.) şəhərlərində ona abidə qoyublar: “Bu rəmzdən Rusiyanın Ukraynanı guya nasistlərdən xilas etmək istədiyinin sübutu kimi istifadə olunur. Halbuki süni şəkildə, saxtakarlıqla rəmzləşdirilmiş həmin qadın indi də sağdır və mediaya müsahibəsində Xarkov vilayətində sakitcə ömrünü sürdüyünü, nə müharibəyə, nə də rus əsgərlərinə dəstək verdiyini bildirib. O, sakini olduğu kəndin yaxınlığında döyüş başlananda çaşqınlıq içində qaldığını, sovet bayrağını isə bir universal simvol kimi dalğalandırdığını söyləyib”.
Məqalədə qeyd olunur ki, İkinci Dünya müharibəsi ilə Rusiya-Ukrayna müharibəsini eyniləşdirmək cəhdlərini bir sıra başqa təşəbbüslərdə də görmək olar: “Moskvanın qərbində İkinci Dünya müharibəsinə həsr olunmuş “Patriot” parkında Qrekov studiyası yerləşir. Sovet əsgərlərinin və kosmonavtlarının təsvirləri ilə bəzədilmiş studiyada uşaqları orduya həsr olunmuş sənət əsərləri yaratmağa həvəsləndirirlər. Studiya sovet dövründəki “soyuq müharibə”yə aid sərgilər də təşkil edir. Həmin sərgilərdə Ukrayna prezidenti Vladimir Zelenskini amerikalı Sem dayının kuklası kimi lağa qoyan karikaturalar da yer alır”.
Məqalənin sonunda vurğulanır ki, Kreml getdikcə Ukrayna müharibəsinə bəraət qazandırmaq üçün sovet hökumətinin nasizmə qarşı yönəlmiş İkinci Dünya müharibəsində yararlandığı simvollardan, tezislərdən daha geniş istifadə etməkdədir: “Müharibəyə legitimlik donu geydirmək istəyən Moskva sovet nostalgiyasını kütlələrə sanki asan həzm olunan bir məlhəm kimi sırıyır. Savaş uzandıqca, Rusiya ordusunun itkiləri çoxaldıqca Kreml bu aldadıcı məlhəmin dozasını bir az da artırır”.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Mənbə: Cepa.org