Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın ilk fərmanlarından biri ölkəsinin Dünya Səhiyyə Təşkilatından (DST) çıxması olub. Fərmanda qeyd olunur ki, DST qlobal böhranlar zamanı, o cümlədən koronavirus pandemiyası dövründə zəiflik göstərib, üzv ölkələrin mənfi siyasi təsirini neytrallaşdıra bilməyib.
2019-cu ilin dekabrında Çində üzə çıxan yeni koronavirus infeksiyası dünyanı bürüyüb. DST-nin 2020-ci il martın 11-dən 2023-cü il mayın 5-dək qlobal pandemiya elan etdiyi infeksiya 7 milyondan çox adamın ölümünə gətirib.
1948-ci ildə BTM-nin himayəsində yaradılmış DST-nin mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. 194 ölkəni birləşdirən təşkilatın əsas məqsədləri səhiyyə sahəsində beynəlxalq tövsiyələrin təqdim olunması, səhiyyə standartlarının, bu sahədə gərəkli texnologiyaların hazırlanması, ölkələrlə milli səhiyyə proqramları istiqamətində əməkdaşlıqdır.
DST-dən tam ayrılmaq müddəti bir ildir.