ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayır.
2017-2021-ci illərdə də prezidentlik etmiş Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsini udub, dekabrın 17-də Seçicilər Kollegiyası onu prezident seçib, 2025-ci il yanvarın 6-da Konqres (Nümayəndələr Palatası ilə Senatın birgə iclası) seçkinin nəticələrini təsdiqləyib.
Vitse-prezident postuna Ceyms Devis Vens mandat alıb.
Novator.az bildirir ki, Trampın administrasiyasında nazir (katib) postlarına bu şəxslər namizəddir: Marko Rubio – dövlət katibi (xarici işlər naziri), Piter Heqset – müdafiə naziri, Pamela Co Bondi – ədliyyə naziri (baş prokuror), Duqlas Burqum – daxili işlər naziri, Kristi Noem – daxili təhlükəsizlik naziri, Skott Bessent – maliyyə naziri, Hovard Lütnik – ticarət naziri, Şon Daffi – nəqliyyat naziri, Kristofer Rayt – energetika naziri, Bruk Rollins – kənd təsərrüfatı naziri, Skott Turner – tikinti və şəhər inkişafı naziri, Lori Çaves-Deremer – əmək naziri, Robert Kennedi – səhiyyə və sosial xidmətlər naziri, Duqlas Kollins – veteranlarla iş naziri, Linda Makmen – təhsil naziri.
Nazirlərin təyinatını Konqresin yuxarı palatası olan Senat təsdiqləyir.
Ağ ev administrasiyasının başçısı vəzifəsi Syuzan Uaylsa həvalə olunur. Bu təyinat üçün Senatın təsdiqi gərək deyil.
Axios.com saytının məlumatına görə, vitse-prezidentin, Ağ ev Administrasiyasının başçısı, dövlət katibi, müdafiə naziri, baş prokuror, maliyyə naziri vəzifələrinə namizədlərin orta yaşı 54,1 yaşdır. Bu, 1989-cu ildə formalaşmış kabinetdən bəri ən aşağı yaş göstəricisidir. 1946-cı il təvəllüdlü Trampın qurmaq istədiyi kabinet onun ilk prezidentlik dövründəki kabinetindən orta hesabla 5 il cavandır.