ABŞ-ın “Foreign Policy” jurnalında “Rusiya Ukrayna hüdudlarından kənarda gizli müharibəsini aktivləşdirir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Niderlandın Leyden Universitetinin professoru, terrorizm və siyasi zorakılıq məsələləri üzrə ekspert Bart Şuurmandır.
Müəllif yazır ki, bu yaxınlarda Rusiya Dövlət Dumasının deputatı Aleksandr Kazak Moskvanın Baltik dənizində törətdiyi təxribatın NATO-nun təhriklərinə cavab və regionda nəzarəti genişləndirməyə yönəlmiş hərbi əməliyyatlarının tərkib hissəsi olduğunu bəyan edib.
Söhbət 2024-cü ilin noyabrında Litva ilə İsveç və Finlandiya ilə Almaniya arasında rabitə kabellərinin kəsilməsindən gedir. Müəllif vurğulayır ki, kabellərin kəsilməsi medianın diqqətini xeyli cəlb etsə də, Rusiyanın Avropaya qarşı davranışlarının yetərincə qiymətləndirilməsi üçün heç bir sistemli səy göstərilməyib: “Leyden Universitetinin təhlili Rusiyanın Avropadakı rəqiblərini zəiflətmək və Ukraynanı həyati dəstəkdən məhrum etmək üçün çox dərinə getməyə hazır olduğundan xəbər verir. Nüvə silahı həndəvərində potensial gərginliyin qorxulu mənzərəsi Avropanın qətiyyətli cavab addımları atmalı olduğunu göstərir”.
Professor Bart Şuurman hesab edir ki, ABŞ-ın Avropanın təhlükəsizliyinə zəmanət verməyə və Ukraynaya hərbi yardımı davam etdirməyə hazır olduğuna dair şübhələr artır: “Ona görə də Avropa öz hərbi potensialının yaradılmasını gecikdirməməlidir. Leyden Universitetinin araşdırmaları göstərir ki, Moskva getdikcə casusluq və rəqəmsal hakerlik kampaniyalarından daha çox kənara çıxır”.
2024-cü ildə Rusiyanın Avropaya qarşı əməliyyatlarının kəskin artdığını vurğulayan müəllif yazır ki, Moskva getdikcə təxribat xarakterli hərəkətlərinə dair taktikasını genişləndirir, o cümlədən qətl, sui-qəsd cəhdi, hətta Ukrayna prezidenti Vladimir Zelenskini aradan götürmək istəyi kimi əməliyyatlara əl atır.
Bart Şuurman bildirir ki, Rusiyanın yeni zorakılıq aktları siyahısına Almaniyanın DHL şirkətinin təyyarə reyslərinə partlayıcı qurğular yerləşdirməsi kimi əməliyyatlar da daxildir: “Əgər bu qurğu partlasaydı, fəlakətlərə səbəb ola bilərdi. Hazırda Qərbin bəzi təhlükəsizlik rəsmiləri əməliyyatların ABŞ-a uçan təyyarələrə qarşı hücumlar üçün bir hazırlıq olduğundan şübhələnirlər. Bu isə Rusiyanın faktiki olaraq dövlət səviyyəsində terror aktlarına keçdiyini göstərir”.
Rusiya tərəfdən Qərb sərhədi boyunca mülki aviasiyaya təhlükələrin də artdığını vurğulayan müəllif radioelektron müdaxilə, mülki hava limanlarına zərbələr endirilməsi kimi hadisələrə də diqqət çəkir, eyni zamanda 2014-cü ildə Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukrayna üzərində, 2024-cü ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasını xatırladır, bu hadisələrin Avropada uçuşlar üçün təhlükələrdən xəbər verdiyini vurğulayır: “Ancaq 2024-cü ildə Rusiyanın Avropaya qarşı əməliyyatlarının təxribat xarakterli olduğunu tam anlamaq üçün hadisələrə daha geniş spektrdən baxmaq lazımdır. Terrorizm və ya siyasi məqsədlər üçün qanlı zorakılıq yolunun seçilməsi uçuşlara hücumlardan da kənara çıxır. Ötən il Slovakiya və Çexiyada xeyli məktəbin partlayış təhdidləri haqda məlumatlar alması və bu səbəbdən təhsil ocaqlarının bir neçə günlüyə bağlanmasını da Moskvanın yönləndirdiyi təxribatlara aid etmək olar.
Sutəmizləyən qurğuların sıradan çıxarılması kimi bir sıra hadisələr də Avropa vətəndaşlarının təhlükəsizliyinə ciddi ziyan vura biləcək təxribat əməliyyatlarından xəbər verir.
Rusiyanın bu tip əməliyyatlarda əsas məqsədi avropalı siyasətçilərin və vətəndaşların Ukraynaya hərbi yardımı davam etdirmək əzmini sarsıtmaqdır. Moskva mülki hava nəqliyyatına, Avropanın elektrik və internet infrastrukturuna, su təchizatına təxribatlar, əsas sənaye liderlərinə qarşı məqsədli sui-qəsdlər təşkil etmək kimi əməllərə gedə bilər. Yan təsirləri də nəzərə almaq lazımdır: Avropa təhlükəsizlik xidmətləri diqqəti bu cür təhdidlərə qarşı mübarizəyə cəmlədiyinə görə terrorla mübarizənin əhatə dairəsi daralacaq və İŞİD kimi təşkilatların potensial hücumlar həyata keçirəcəyinə imkan yaranacaq. Görünür, Rusiyanın Avropaya qarşı getdikcə artan aqressiv mövqeyinə hərtərəfli cavab hazırlamaq lazım gələcək”.
Mənbə: Foreignpolicy.com