İsrail və Fələstinin hərbi-siyasi təşkilatı HƏMAS (İslami Müqavimət Hərəkatı) atəşkəs razılığına gəlib. Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşma 2023-cü il oktyabrın 7-də başlayan yeni qanlı savaşın başa çatmasını nəzərdə tutur.
1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.
BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalındadır.
1987-ci ildə yaradılan HƏMAS Fələstinin Qəzza bölgəsinə nəzarət edir. 2023-cü il oktyabrın 7-də Qəzzadan İsrail ərazilərinə hərbi müdaxilə olub, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlayıb, Qəzzada on minlərlə şəxs həyatını itirib, ərazinin böyük hissəsi tam dağıdılıb, 2 milyona yaxın şəxs didərgin düşüb, İsrailin xeyli hərbçisi həlak olub.
Novator.az bildirir ki, yanvarın 15-də əldə olunmuş razılaşmaya görə, HƏMAS israilli girovların bir hissəsini, İsrail bir qrup fələstinli dustağı azad etməli, İsrail qoşunları tədricən Qəzzadan çıxarılmalı, əraziyə müntəzəm humanitar yardım çatdırılmalıdır. Razılaşmanın yanvarın 19-da qüvvəyə minəcəyi bildirilir.
Mənbə: Reuters.com