Tailandda uyğur həyəcanı – “Assoşieyted Press”
- 14 Yanvar 2025
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetXəbər
On ildən çoxdur Tailandın paytaxtı Banqkokda saxlanan bir qrup uyğur bəyanat yayıb. Bəyanatda deyilir ki, Tailand hökuməti onları geriyə – Çinə deportasiya etməyə hazırlaşır. Uyğurların ailə üzvləri, digər uyğur fəallar bundan çox narahatdırlar, deportasiyanın işgəncəyə gətirib çıxaracağını düşünürlər.
Novator.az-ın məlumatına görə, “Assoşieyted Press” (“Associated Press”) agentliyinə təqdim edilmiş bəyanatı 43 uyğur imzalayıb. Bəyanatda bu təhlükəli deportasiyaya son qoymaq çağırışı əksini tapır: “Çində bizi həbs edə bilərlər. Bu isə bizə həyatımızı itirmək bahasına da başa gələr. İnsan haqlarına önəm verən bütün beynəlxalq təşkilatları və ölkələri təcili bizi bu acı aqibətdən qurtarmaq üçün hərəkətə keçməyə çağırırıq”.
Uyğurlar əsasən Çinin şimal-qərbindəki Sincan bölgəsində yaşayırlar. Türk əsilli bu toplum daha çox islam dininə etiqad edir. Etnik-dini kimliklərinin tanınması, ayrı-seçkiliyə son qoyulması uğrunda apardıqları mübarizəyə görə on illər boyu uyğurlarla Çin rejimi arasında gərginlik hökm sürüb. Son illərdə Çin hökuməti uyğurlara qarşı repressiyaları elə bir amansız həddə çatdırıb ki, bu, bəzi Qərb dövlətlərinin uyğurları rəsmən soyqırımına uğramış xalq kimi tanımasına səbəb olub. Yüz minlərlə, bəzi hesablamalara görə, bir milyona yaxın, hətta milyondan da çox uyğur düşərgələrə, həbsxanalara salınıb. Şahidlər orada zorakılığın, xəstəliklərin baş alıb getdiyini, neçə-neçə uyğurun düşərgələrdən, həbsxanalardan salamat çıxa bilmədiyini xəbər verir.
Sayı 300 nəfərdən çox olan uyğuru 2014-cü ildə Çindən qaçarkən Malayziya ilə sərhəddə Tailand hökuməti saxlayıb. 2015-ci ildə Tailand hökuməti 109 nəfəri məcburi şəkildə Çinə deportasiya edib. Bu, beynəlxalq aləmdə etiraz doğurub. 173 nəfər isə Tailanddan Türkiyəyə yola salınıb. Onların əksəri qadınlar və uşaqlardır. Banqkokdakı immiqrasiya bürosunda ilişib qalan 53 uyğur o vaxtdan bəri heç yerdən sığınacaq ala bilmir. Bu müddət ərzində 53 nəfərdən 5-i immiqrasiya bürosunda, faktiki həbsdə dünyasını dəyişib. Onların 2-si uşaqdır.
Qalan 48 uyğurun 5-i uğursuz qaçış cəhdindən sonra azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onlar hələ də cəza çəkirlər. Həmin 5 nəfərin də immiqrasiya dustaqlığındakı 43 nəfərlə birgə deportasiya edilib-edilməyəcəyi bəlli deyil.
Vəkillər və ailə üzvləri immiqrasiya bürosunda saxlanma şəraitinin ağır olduğunu da söyləyirlər. Deyirlər qidalanma zəifdir, beton kameralar ağzınacan adamla doludur, burada saxlanan uyğurlar elementar gigiyenik vasitələrdən, məsələn, diş fırçasından, üzqırxandan məhrumdur. Kameralarda tualetlərin sayı da azdır. İmmiqrasiya dustaqlığında olan uyğurların qohumlarla, vəkillərlə, hətta beynəlxalq təşkilatların üzvləri ilə ünsiyyətinə yasaqlar qoyulur. BMT-nin insan haqları ekspertlərinin 2024-cü ilin fevralında Tailand hökumətinə göndərdiyi məktubda bildirilir ki, uyğurlarla bu cür davranış beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.
İmmiqrasiya polisləri isə saxlananlara bacardıqları qədər qayğı göstərməyə çalışdıqlarını iddia edirlər.
“Assoşieyted Press”ə təqdim olunan qeydlər, onlayn yazışmaların mətni göstərir ki, yanvarın 8-də Tailandın immiqrasiya xidmətinin əməkdaşları saxlanan uyğurlardan könüllü surətdə deportasiya olunmaq üçün sənədlərə qol çəkmələrini istəyiblər.
Eyni sənədlər 2015-ci ildə Çinə deportasiya edilmiş uyğurlara da verilmişdi. Ona görə bu təklif 43 uyğuru bərk təşvişə salıb və onlar sənədləri imzalamaqdan imtina ediblər.
Bir tailandlı deputat və rəsmi dairələrlə əlaqəsi olan iki şəxs “Assoşieyted Press”ə bildirib ki, bu yaxınlarda hökumət uyğurların Çinə deportasiya olunması məsələsini müzakirəyə qoyub, hərçənd belə bir rəsmi göstərişin olduğunu hələ ki, görən, eşidən olmayıb.
“Assoşieyted Press”ə danışanlardan ikisi deyib ki, deportasiyaya tərəfdar çıxan rəsmilər 2025-ci ildə Tailandla Çin arasında diplomatik münasibətlərin 50-ci ildönümünün qeyd olunduğunu, ABŞ-ın isə başının yanvarın 20-də yeni seçilmiş prezidentin andiçməsinə qarışdığını, buna görə Vaşinqtonun deportasiya hadisəsinə çox da mənfi reaksiya verə bilməyəcəyini vurğulayaraq uyğurları elə indi, dərhal Çinə geri göndərməyə təkid edirlər.
Agentliyə danışanlar hökumətdaxili müzakirələri adlarının çəkilməməsi şərti ilə açıqlayıblar. Tailandın və Çinin xarici işlər nazirlikləri isə “Assoşieyted Press”in məsələ ilə bağlı sorğusuna hələ cavab verməyib.
“Assoşieyted Press”in məlumatına görə, Pekin uyğurların cihadçı olduğunu iddia edir, lakin heç bir sübut təqdim etməyib. Uyğurların hüquqlarını qoruyan fəallar və təşkilatlar iddianın əsassız, Tailandın immiqrasiya bürosunda saxlananların günahsız olduğunu bəyan edir, gözlənən deportasiyanın Çində çox ağır nəticələr verəcəyini, təqib, həbs, hətta ölümə gətirib çıxaracağını vurğulayır.
İnsan Hüquqları üzrə Uyğur Layihəsi (Uyghur Human Rights Project) direktorunun təhqiqat və vəkillik məsələləri üzrə müavini Piter İrvin deyir ki, sözügedən 43 nəfərin hər hansı cinayət törətdiyinə dair heç bir sübut ortaya qoyulmayıb: “Bu insanların deportasiya olunmamağa tam haqqı çatır, onların Çini tərk etməsində beynəlxalq hüquq normalarına zidd heç nə yoxdur”.
“Assoşieyted Press”in vəziyyətdən birbaşa xəbəri olan müsahiblərindən ikisi agentliyə onu da bildirib ki, Tailandda saxlanan uyğurların hamısının BMT-nin qaçqınlar üzrə ali komissarına sığınacaq üçün müraciəti var. “Assoşieyted Press” həmin müraciətlərin surətlərini əldə etdiyini təsdiqləyir. Müraciətlərin olduğunu agentliyə açıqlamasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da təsdiqləyib. Lakin komissarlıqdan qeyd ediblər ki, Tailand hökuməti indiyədək onların uyğurlarla görüşməsinə icazə vermir.
Gözlənən deportasiya ilə bağlı məsələ artıq BMT-yə də gedib çatıb. Qaçqınlar üzrə Ali Komissarlığın sözçüsü Babar Baloç “Assoşieyted Press”ə deyib: “Biz də bu qeyri-rəsmi xəbəri eşitmişik və onu operativ şəkildə səlahiyyətli şəxslərlə dəqiqləşdirməyə çalışmışıq. Hakimiyyət orqanlarından bizə söyləyiblər ki, belə bir şey yoxdur. Biz hakim dairələrə sığınacaq istəyənlərin geri qaytarılmaması və pənah gətirdikləri ölkədə həbsə alternativ metodlarla saxlanması istiqamətində öhdəliklərinin olduğunu xatırladırıq”.
Beynəlxalq hüquqda nəzərdə tutulan geri qaytarılmama prinsipinə əsasən, heç kim işgəncəyə məruz qala biləcəyi ölkəyə qaytarıla bilməz.
“Assoşieyted Press” saxlanılan uyğurlardan üçünün doğmalarından açıqlama alıb. Onlar deportasiya təhlükəsindən narahatlıqlarını ifadə ediblər. Böyük qardaşı Tailandın immiqrasiya bürosunda saxlanan Bilal Ablet söyləyib: “Hamımız eyni vəziyyətdə – daimi səksəkədə, qorxu içindəyik. Məncə, nə baş verdiyini dünyanın bütün hökumətləri yaxşı bilir, amma özlərini görməzliyə, eşitməzliyə vururlar, çünki Çindən, Pekinin təzyiqindən çəkinirlər”.
Bilal Abletin sözlərinə görə, Tailand rəsmiləri onun qardaşına deyiblər ki, heç bir başqa hökumət uyğurları qəbul etməyə hazır deyil, halbuki Tailandın İnsan Hüquqları üzrə Milli Komissiyası sədrinin 2023-cü ilin aprel ayında yazdığı və artıq mətbuata sızmış məktubunda uyğurlara sığınacaq verməyə hazır ölkələrin olduğu vurğulanıb.
Türkiyədə yaşayan uyğur Abdulla Məhəmməd “Assoşieyted Press”ə açıqlamasında bildirib ki, Tailandda saxlananlardan biri onun atası Məhəmməd Ahundur. Abdulla qeyd edib ki, atasının Tailanda qanunsuz keçməkdən savayı bir cinayəti yoxdur. Oğlunun dediyinə görə, Məhəmməd Ahun artıq bütün cərimələrini ödəyib, amma on ildən çoxdur immiqrant dustaqlığındadır: “Başa düşmürəm niyə? Bizim terrorçuluqla heç bir əlaqəmiz yoxdur, biz heç bir terror aktı törətməmişik”.
Mənbə: Apnews.com