“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ evə qayıdır, Vaşinqtonda yeni küləklər əsir”. Novator.az xəbər verir ki, “Foks Nyus” (Fox News) kanalı ABŞ-ın gələcək birinci xanımı Melanya Trampdan götürdüyü müsahibəni internet səhifəsində bu girişlə təqdim edib.
Kanal qeyd edir ki, Melanya Tramp da 2017-2021-ci illərdəki statusuna qayıtmağa hazırdır: “Onun bu sahədə təcrübəsi var. Melanya Tramp vaxtilə “Ən yaxşısı ol” (Be Best) devizi altında həyata keçirdiyi təşəbbüsü yenidən canlandırmaq və daha da genişləndirmək niyyətindədir”.
“Foks Nyus”a müsahibəsində Melanya Tramp deyib ki, əvvəlki birinci xanımlığı dövründə insanların onu elə də qəbul etmədiyini duyurdu: “Ola bilsin, onlar məni indiki kimi başa düşmürdülər. O zaman mənim bu qədər dəstəyim yox idi. Bəlkə bəziləri yenə məni yalnız prezidentin xanımı kimi görür, amma mən öz ayaqları üstə duran müstəqil bir qadınam. Öz fikirlərim, öz hə-yoxum var. Mən heç də həmişə ərimin dedikləri və elədikləri ilə razılaşmıram və bu, normal haldır. Mən ona öz məsləhətlərimi verirəm. Bəzən dinləyir, bəzən yox. Bu da normaldır”.
Kanal vurğulayır ki, gənclərin inkişafı uğrunda mübarizəyə və kiber bullinq (virtual məkanda qısnama – red.) əleyhinə yönəlmiş “Ən yaxşısı ol” təşəbbüsü Donald Trampın ilk prezidentliyi dövründə Melanyanın birinci xanım imicinin ayrılmaz hissəsinə çevrilmişdi: “İndi o, həmin dövrdə qarşılaşdığı çətinliklərə yenidən meydan oxumaq, layihəni davam etdirmək və daha da genişləndirmək fikrindədir”.
Melanya Tramp “Foks Nyus”a deyib: “Mən o zaman heç haradan xüsusi dəstək ala bilmirdim. Striminq platformalarının hamısının nümayəndələrini Ağ evə dəvət etmişdim. Dəyirmi masam da var idi. Amma onlardan nəzərəçarpacaq bir yardım ala bilmədim. Təsəvvür edin ki, onlar mənim ətrafımda toplaşsaydılar, uşaqları təlimlərə cəlb etsəydilər, azyaşlıları sosial şəbəkələrdən qorusaydılar, onların psixi sağlamlığının qayğısına qalsaydılar, bu illər ərzində nələrə nail ola bilərdik”.
“Amazon” şirkətinin “Amazon Praym” xidmətinin gələcək birinci xanımın həyatının örtülü qatlarından bəhs edən sənədli filmi ilin sonunda kinoteatrlarda və striminq platformalarında nümayiş olunacaq. Film Melanya Trampın 2024-cü ilin oktyabrında işıq üzü görən və kitab mağazası rəflərinə çıxan kimi bestsellerlər siyahısına düşən “Melanya” adlı memuarının bir növ davamı kimi çəkilib.
Melanya “Foks Nyus”a müsahibəsində filmin təqdimatını həyəcanla gözlədiyini vurğulayıb.
Donald Trampın andiçməsi yanvarın 20-də olacaq. Melanya müsahibəsində bildirib ki, bu dəfə birinci xanım rolunu qəbul etmək ona daha asan başa gələcək, çünki ərinin əvvəlki prezidentliyi müddətində lazımi təcrübə qazanıb: “İndi hara getdiyimi yaxşı bilirəm. Yaşayacağımız otaqları da yaxşı tanıyıram. Mən artıq bu prosesin içindəyəm. İlk dəfə çətin idi. Bizi Ağ evin əvvəlki administrasiyası məlumatlandırırdı. İndi isə mən hər şeydən xəbərdaram”.
Ağ evdən Bayden ailəsini köçürüb Tramp ailəsini yerləşdirəcək qrupa bu prosesi həyata keçirmək üçün beş saat vaxt ayrılıb. Melanya Tramp müsahibəsində bunu nəzərə alaraq bildirib ki, vaxt məhdudiyyəti səbəbindən “hər şeyi dəqiqəbədəqiqə planlaşdırmaq lazımdır”.
“Foks Nyus” vurğulayır: “Melanya üçün mühafizənin dəyişməsi əşyaları yerbəyer etmək, öz komandasını formalaşdırmaq və Ağ evi yenidən doğma evinə çevirmək deməkdir.
Cozef Bayden və Cill Bayden 2021-ci il yanvarın 20-də Ağ evə köçəndən sonra Tramp ailəsinin həyatı baş-ayaq olmuşdu: məhkəmə işləri, sui-qəsd cəhdləri, təkrar seçki kampaniyası…
Donald Tramp 2024-cü ilin noyabrında bütün həlledici ştatlarda seçkini udub Seçicilər Kollegiyasına 312 səs toplamaqla vitse-prezident Kamala Harrisə qalib gəldi. İndi onun prezidentliyinin ilk yüz günündə əsas planı ilk növbədə vergilər, immiqrasiya və inflyasiya məsələləri ilə məşğul olmaqdır”.
“Məncə, qarşıdakı dörd il çox maraqlı keçəcək, bizim görəcəyimiz xeyli iş var. Ölkəni əvvəlki formaya qaytarmaq gərəkdir” deyə Melanya Tramp “Foks Nyus” kanalına müsahibəsində vurğulayıb.
1946-cı il təvəllüdlü Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. 2017-2021-ci illərdə prezidentlik edib.
2024-cü il noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasında 312 nümayəndəyə sahib çıxıb, dekabrın 17-də Seçicilər Kollegiyası onu eyni üstünlüklə prezident seçib. 2025-ci il yanvarın 6-da ABŞ Konqresi (Nümayəndələr Palatası ilə Senatın birgə iclası) prezident seçkisinin nəticələrini təsdiqləyib. Andiçmə mərasimi yanvarın 20-nə təyin olunub.
Melanya Tramp (qızlıq soyadı Knavs) 1970-cı il aprelin 26-da Sloveniyada doğulub. Gəncliyində İtaliyanın Milan şəhərində model fəaliyyəti göstərib. O, Donald Trampla 1999-cu ildə tanış olub. 2004-cü ildə Donaldla Melanya nişanlanıblar, 2005-ci ildə evləniblər. Cütlüyün bu oğlu var.
Əvvəllər iki dəfə evlənmiş Donald Tramp daha dörd övlad atasıdır.
Mənbə: Foxnews.com