“Evronews” kanalı Avropa İttifaqı ilə Çinin ticarət əlaqələrini şərh edib. Qeyd olunur ki, Brüssellə Pekinin elektromobil və süd məhsulları ticarəti çəkişmələrinə baxmayaraq Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır: “Özü də Çinin Avropaya satdığı məhsulların əksəri mexaniki cihazlar və elektrik avadanlıqlarıdır”.
Son 10 ildə Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsinin durmadan artdığını diqqətə çatdıran “Evronews” vurğulayır ki, Avropanın ticarət tərəfdaşları arasında Çin ikinci yerdə qərar tutur.
Bildirilir ki, Çinə ən çox mal idxal edən və bu ölkədən mal ixrac edən əsas Avropa dövlətləri Almaniya, Niderland və İtaliyadır.
Avropa İttifaqının Çindən aldığı malların yarıdan çoxu mexaniki cihazlar və elektrik avadanlıqlarından ibarətdir. Nəqliyyat vasitələrinin idxalı 6 faizə yaxın, üzvi kimyəvi maddələrin idxalı 4,7 faiz, geyim aksesuarlarının idxalı 4,5 faizdir.
Avropanın Çinə ixrac etdiyi məhsulların üçdə birindən çoxu mexaniki cihazlar və elektrik avadanlıqlarıdır. Sonrakı yerdə 16,7 faizlə nəqliyyat vasitələri və təyyarələr, 9,3 faizlə əczaçılıq məhsulları, 7,2 faizlə optik cihazlar gəlir.
“Evronews”un şərhində Avropa ilə Çin arasındakı ticarət çəkişmələrinə də toxunulur. Xatırladılır ki, Çinin ən böyük elektromobil istehsalçısı olan BYD 2024-cü ildə hibrid avtomobil və elektomobil satışı sahəsində dünyada rekord vurub. Şirkət 2023-cü illə müqaisədə elektromobil satışını 12,08% artırıb, ümumilikdə 1,76 milyonadək maşın satıb. Tək tələbat deyil, köhnə avtomobillərin dəyişdirilməsi üzrə uğurlu dövlət proqramlarının həyata keçirilməsi də bu işdə əhəmiyyətli rol oynayıb.
2024-cü ilin sonunda Avropa İttifaqı Çinin elektrik avtomobillərinə rüsum tətbiq edib. Səbəb Çinin dövlət subsidiyalarının bu ölkənin istehsalçılarına Avropada qiymətləri aşağı salmağa imkan yaratmasıdır.
Çin isə Avropa İttifaqının yeni rüsumlarını proteksionist addım kimi qiymətləndirib və ittifaq ölkələrindən idxal etdiyi süd məhsulları üzrə antidempinq (dempinq malların daxili və xarici bazarda süni surətdə endirilmiş qiymətə satılmasıdır – red.) araşdırmalarına başlayıb. Araşdırmalar pendir və süd məhsullarının idxalına rüsumların tətbiq olunması ilə nəticələnə bilər. Bu cür addımın digər sektorlardakı proseslərə də təsir göstərməsi və iki iqtisadiyyat arasında ticarət gərginliyini şiddətləndirməsi mümkündür.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.