Avropa İttifaqı Şurası Ermənistandakı monitorinq missiyasının müddətini daha iki il uzatmağa hazırlaşır. Açıqlamanı yanvarın 10-da Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas verib.
Azərbaycan prezidenti, Fransa prezidenti, Avropa İttifaqı Şurasının sədri və Ermənistan baş nazirinin 2022-ci il oktyabrın 6-sı Praqada keçirdiyi görüşdə Ermənistanın Azərbaycanla sərhədinə Avropa İttifaqının mülki heyətinin göndərilməsi razılığına gəlinib. Mülki heyət işini həmin il oktyabrın 26-da başlayıb, dekabrın 19-da başa çatdırıb, ancaq 2023-cü il yanvarın 23-də Avropa İttifaqı Şurası Ermənistana ilkin olaraq 2 il müddətinə yeni heyət göndərmək qərarı verib. Azərbaycan bu qərara qarşı çıxıb, missiyanın fəaliyyətini Ermənistanla sülh razılaşmasına əngəl sayır.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Azərbaycan Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əsasında sülh təklif edib. Hazırda tərəflər sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi ətrafında danışıqlar aparır.