2025-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 6 milyon manat yardım ayrılması nəzərdə tutulur. Siyasi partiyalar qanunu bu vəsaitin 40 faizinin (2 milyon 400 min manatının) parlamentdə təmsil olunan qurumlar arasında bərabər bölünməsini nəzərdə tutur.
Maliyyə yardımının 50 faizi (3 milyon manatı) parlamentin say tərkibinə bölünməli, alınan məbləğ partiyaların deputatlarının sayına vurulmaqla paylanmalıdır. 125 yerlik parlamentdə Yeni Azərbaycan Partiyasının 68, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyasının 1 mandatı var.
Büdcə vəsaitinin 5 faizi (300 min manatı) təkrar və əlavə seçkilər nəticəsində, həmçinin parlament üzvlərinin partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar təmsil olunan yeni siyasi partiyalara düşür, 2,5 faizi (150 min manatı) namizədləri son seçkidə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər, 2,5 faizi (150 min manatı) qazanılmış səslərin sayına uyğun bölünür.
2024-cü il sentyabrın 1-də keçirilmiş parlament seçkisində bu partiyalar da iştirak edib: Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Ümid Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Vəhdət Partiyası, Yeni Zaman Partiyası.