Azərbaycan 2024-cü ilin yanvar-noyabr aylarında 176 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabatı yayan Dövlət Gömrük Komitəsi ixracı 24,3 milyard dollar, idxalı 18,7 milyard dollar göstərir.
Statistikaya görə, ixrac yanvarda 1,8 milyard, fevral və mayda 2,9 milyard, martda 1,2 milyard, aprel və avqustda 2,1 milyard, iyunda 1,7 milyard, iyulda 3,1 milyard, sentyabrda 1,6 milyard, oktyabrda 2,8 milyard, noyabrda 1,5 milyard dollar, idxal yanvarda 1,1 milyard, fevralda 1,3 milyard, martda 1,2 milyard, apreldə 1,7 milyard, may və sentyabrda 1,8 milyard, iyunda 1,5 milyard, iyul, avqust və oktyabrda 1,9 milyard, noyabrda 2,1 milyard dollar dəyərində rəsmiləşib.
İxracın 6,4 faizi MDB ölkələrinə, 62,7 faizi Avropa İttifaqı ölkələrinə, 30,9 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 25,4 faiz, Avropa İttifaqının payı 13,4 faiz, başqa ölkələrin payı 61,2 faiz olub.
Ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Çin qərar tutub.
İxracın 12,7 faizi qeyri-neft/qaz sektorunun payına düşüb, ilk üçlükdə meyvə-tərəvəz (628 milyon dollar), plastmas və ondan hazırlanan məmulatlar (360,7 milyon dollar), kimya sənayesi məhsulları (265,5 milyon dollar) yer alıb.
Əsas idxal məhsullarının ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (3,4 milyard dollar), nəqliyyat vasitələri və onların hissələri (2,2 milyard dollar), yeyinti məhsulları (2,1 milyard dollar) gəlir.