Azərbaycanda bir çox jurnalist və ictimai fəal xarici valyuta qaçaqmalçılığında ittiham olunur.
“Abzas Media” saytının direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist Hafiz Babalı dekabrın 13-də tutulublar.
“Abzas Media”nın əməkdaşı Elnarə Qasımova 2024-cü il yanvarın 13-də, Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da, iqtisadçı Fərid Mehralızadə mayın 30-da həbs ediliblər.
İstintaq bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə başlayıb, İmran Əliyevə təkrar qaçaqmalçılıq ittihamı da verilib, sonradan ittiham mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi ittihamına dəyişdirilib və yeni ittihamlar irəli sürülüb: mütəşəkkil dəstənin qanunsuz sahibkarlığı; mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması; mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması; rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma; bilə-bilə saxta sənədlərdən istifadə etmə.
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2023-cü il noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib. “Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də eyni ittihamla tutulub. 2024-cü il dekabrın 12-də Əziz Orucovun üzərində yalnız ilk ittihamın saxlandığı bəyan olunub.
2024-cü il martın 6-da Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxslər tutulub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs, Fərid İsmayılov və Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Martın 8-də Toplum.tv-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli də tutulublar.
Bütün bu şəxslər qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinirlər.
Dekabrın 6-da müstəqil jurnalist Ramin Deko və Meydan.tv portalının əməkdaşları Natiq Cavadlı, Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, eləcə də vətəndaş Ülvi Tahirov qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə tutulublar.
Bir qrup şəxsin qaçaqmalçılıq törətməsi və təkrar qaçaqmalçılıq 5 ildən 8 ilədək, mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mütəşəkkil dəstənin qanunsuz sahibkarlığı ittihamında maksimum cəza 1 ildən 5 ilədək, mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması ittihamında 7 ildən 12 ilədək, mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması ittihamında 3 ildən 5 ilədək, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma ittihamında 2 ilədək, bilə-bilə saxta sənədlərdən istifadə etmə ittihamında 1 ilədək, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparmaq ittihamında 1 ildən 3 ilədək azadlıqdan məhrumetmədir.
Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənovun tərtib etdiyi siyahıya görə, Azərbaycanda 331 siyasi məhbus var.
Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.