Bakı Şəhər Baş Polis İdarəsi dekabrın 6-da müstəqil jurnalist Ramin Dekonu və Meydan.tv portalının əməkdaşları Natiq Cavadlı, Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudovanı tutub. Onların Azərbaycana qaçaqmalçılıqla xarici valyuta gətirilməsində günahlandırıldığı bildirilir. Dekabrın 8-də Xətai Rayon Məhkəməsi jurnalistlər, eləcə də vətəndaş Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Meydan.tv 2013-cü ildə yaradılıb. Qurumun baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşir.
Azərbaycanda xarici valyuta qaçaqmalçılığı üzrə məsuliyyətə cəlb edilən başqa jurnalist və ictimai fəallar da var.
“Abzas Media” saytının direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist Hafiz Babalı dekabrın 13-də tutulublar.
“Abzas Media”nın əməkdaşı Elnarə Qasımova 2024-cü il yanvarın 13-də, Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da, iqtisadçı Fərid Mehralızadə mayın 30-da həbs ediliblər.
İstintaq bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı üzrə başlayıb, İmran Əliyevə təkrar qaçaqmalçılıq ittihamı da verilib.
2024-cü ilin avqustunda “Abzas Media”nın işində ittiham mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi ittihamına dəyişdirilib və yeni ittihamlar irəli sürülüb: mütəşəkkil dəstənin qanunsuz sahibkarlığı; mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması; mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması; rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma; bilə-bilə saxta sənədlərdən istifadə etmə.
Martın 6-da Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxslər tutulub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs qətimkan tədbirləri seçilib, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilib.
Martın 8-də Toplum.tv-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli də tutulublar, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bütün bu şəxslər qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinirlər.
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2023-cü il noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib.
“Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də eyni ittihamla tutulub.
Dekabrın 8-də siyasətçi Azər Qasımlı Bakıda tutulub. Onun hədə-qorxu ilə tələb etmədə təqsirli bilindiyi vurğulanır.
1975-ci il təvəllüdlü Azər Qasımlı siyasət üzrə fəlsəfə doktorudur. Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü, Respublikaçı Alternativ Partiyası Məclisinin başqanı olub. 2019-cu ilin noyabr ayından müstəqil siyasi fəaliyyət göstərir.
Siyasi Menecment İnstitutunun (qeyri-formal təhsil mərkəzi) direktorudur.