Gürcüstan yeni gərginlik zolağına girir. Noyabrın 28-də baş nazir İrakli Kobaxidze Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını bəyan edib, ardınca ölkənin bir çox şəhərində, o cümlədən paytaxt Tbilisidə etiraz aksiyaları başlayıb, polislə toqquşmalar qeydə alınıb.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Moldova, Ukrayna, Bosniya və Herseqovina, Gürcüstan Avropa İttifaqına namizəddir. Quruma qoşulmaq üçün 2022-ci il martın 3-də rəsmi ərizə verən Gürcüstan 2023-cü il dekabrın 14-də üzvlüyə namizəd statusu alıb.
2024-cü ildən Qərb dairələri, o cümlədən Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasında gərginlik var. Son parlament seçkisi bu gərginliyi daha da alovlandırıb.
Gürcüstanda hökuməti 150 nəfərlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib. 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində Gürcü Arzusu 89 mandata sahib çıxıb. 61 mandat müxalifətə qismət olub, ancaq bu qüvvələr yeni parlamenti boykot edir. Qərb dairələri, o cümlədən Avropa İttifaqı bu məsələdə müxalifətlə həmrəydir. Avropa İttifaqının təmsilçi orqanı – Avropa Parlamenti noyabrın 28-də qəbul etdiyi qətnamədə Gürcüstan hökumətini yeni parlament seçkisi keçirməyə çağırıb.
Gürcüstanın yeni parlamenti noyabrın 25-də fəaliyyətə başlayıb, noyabrın 28-də hökumət qurulub, 2024-cü il fevralın 8-dən baş nazir kürsüsünü tutan İrakli Kobaxidze postunu qoruyub.
Dekabrın 14-nə isə prezident seçkisi təyin olunub. Dövlət başçısı və ali baş komandan statuslu prezidenti Seçicilər Kollegiyası seçəcək. 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə, eləcə də Cənubi Osetiya vilayəti Rusiyanın işğalı altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarətdir.
Gürcü Arzusu ölkə prezidentliyinə parlamentin deputatı, Xalqın Gücü Partiyasının siyasi katibi Mixail Kavelaşvilini namizəd göstərib.
İndiki prezident Salome Zurabişvili 2018-ci ilin ümumxalq səsverməsində 6 il müddətinə mandat alıb. Onun səlahiyyəti dekabrın 16-da başa çatır.
2023-cü ildən hakim partiya ilə prezident arasında kəskin ziddiyyətlər yaşanır. Salome Zurabişvili hökumətə münasibətdə müxalif qüvvələr və Qərb dairələri ilə eyni mövqedədir. Ümumi rəyə görə, hökumət Rusiya ilə yaxınlaşmaq kursu götürüb və ölkəni avtoritar idarəçiliyə sürükləyir.