Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası ölkə prezidentliyinə Mixail Kavelaşvilini namizəd göstərib. 1971-ci il təvəllüdlü Mixail Kavelaşvili məşhur futbolçudur, bir çox komandanın, o cümlədən Gürcüstan paytaxtının “Dinamo”, Rusiyanın “Spartak-Alaniya”, İngiltərənin “Mançester Siti”, İsveçrənin “Qrashoppers”, “Bazel” klublarının hücumçusu olub, 1991-2002-ci illərdə Gürcüstan milli komandasında çıxış edib, altıqat Gürcüstan çempionu, Rusiya və İsveçrə çempionudur.
İqtisadiyyat üzrə ali təhsil almış Mixail Kavelaşvili 2016-cı ildən parlamentin deputatıdır, Gürcü Arzusunun müttəfiqi olan Xalqın Gücü Partiyasının siyasi katibi postunu tutur.
Prezident seçkisi dekabrın 14-nə təyin olunub.
Dövlət başçısı və ali baş komandan statuslu prezidenti Seçicilər Kollegiyası seçəcək. 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə, eləcə də Cənubi Osetiya vilayəti Rusiyanın işğalı altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarətdir.
İlk turda seçilməyə üçdə iki səs çoxluğu, ikinci turda seçilməyə sadə səs çoxluğu gərəkdir.
Prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.
İndiki prezident Salome Zurabişvili 2018-ci ilin ümumxalq səsverməsində 6 il müddətinə mandat alıb. Onun səlahiyyəti dekabrın 16-da başa çatır.
Gürcüstanda hökuməti proporsional üsulla (partiya siyahıları üzrə) seçilən 150 nəfərlik qanunverici orqanda azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində Gürcü Arzusu 89 mandata sahib çıxıb. 61 mandat müxalifətə qismət olub, ancaq bu qüvvələr yeni parlamenti boykot edir.