Azərbaycanda altıncı bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Qərar Mərkəzi Seçki Komissiyasının 27 noyabr iclasında qəbul edilib. Seçkilərin 118 seçki dairəsi üzrə 685 bələdiyyəni əhatə edəcəyi bəyan olunub.
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi noyabrın 28-dən başlayır. Qeydiyyat üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi dekabrın 30-u axşam saat 6-da bitir.
Seçkiqabağı təşviqat 2025-ci il yanvarın 6-dan yanvarın 28-i səhər saat 8-dək aparılacaq (Təqvim).
Seçki Məcəlləsi əhalisi 500-dən az ərazilərdə 5 bələdiyyə üzvü, 999-dək ərazilərdə 7 bələdiyyə üzvü, 4999-dək ərazilərdə 9 bələdiyyə üzvü, 9999-dək ərazilərdə 11 bələdiyyə üzvü, 19999-dək ərazilərdə 13 bələdiyyə üzvü, 49999-dək ərazilərdə 15 bələdiyyə üzvü, 99999-dək ərazilərdə 17 bələdiyyə üzvü, 299999-dək ərazilərdə 19 bələdiyyə üzvünün seçilməsini nəzərdə tutur. 2024-cü ildə yenilənən qanunlara görə, əhalisinin sayı 3000 nəfərdən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.
Əvvəlki bələdiyyə seçkiləri 1999, 2004, 2009, 2014 və 2019-cu illərin dekabr ayına düşüb.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.