ABŞ-da 5 noyabr seçkilərinin nəticələri yenilənib. Son hesabata görə, prezident seçkisini udan Respublikaçılar Partiyasının namizədi Donald Tramp ümumxalq səsverməsində 538 nəfərlik Seçicilər Kollegiyasına 312, Demokratlar Partiyasından Kamala Harris 226 nümayəndə əldə edib. Qələbə üçün 270 nümayəndə kifayətdir.
Seçicilər Kollegiyasının seçimi dekabrın 17-nə, həmin qərarın Konqresdə (Nümayəndələr Palatası ilə Senatın birgə iclasında) təsdiqlənməsi 2025-ci il yanvarın 6-na, yeni prezidentin andiçmə mərasimi yanvarın 20-nə təyin olunub.
Vitse-prezident postunda respublikaçı Ceyms Devis (Cey Di) Vens əyləşəcək.
5 noyabr səsverməsi Konqresin alt qanadının – Nümayəndələr Palatasının tam, yuxarı palatanın – Senatın qismən yenilənməsini də nəzərdə tutub.
Respublikaçılar Partiyası 435 nəfərlik Nümayəndələr Palatasında 213, Demokratlar Partiyası 202 mandatla göstərilir.
100 nəfərlik Senatda respublikaçıların 53, demokratların 46 yeri var.
ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir. Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.
Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.