“Hərbi xidmətkeçmə haqqında” əsasnamədə, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda yeniliklər parlamentin son oxunuşundan keçib. Dəyişikliklərə görə, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına bu qaydada çağırıla bilərlər: birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq; ikinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə 3 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq; üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə 1 dəfə.
Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər dəfə 40 günədək müddətə 5 dəfəyədək toplanışa da çağırılırlar.
Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.
Ehtiyatda olan hərbi vəzifəlilər bu son yaş hədlərinədək ehtiyatda olurlar: əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş; kiçik zabitlər – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; baş zabitlər: mayor və polkovnik-leytenantlar – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər – birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60 yaş; ali zabitlər – birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.