Ermənistan hökumətində bir müddətdir boş olan ədliyyə naziri postuna qadın gətirilir: Srbui Qalyan. Rəsmi məlumat 29 oktyabr axşamı yayılıb.
Baş nazir Nikol Paşinyanın hökumətində daha iki qadın yer alır: Janna Andreasyan elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan səhiyyə naziridir.
Mger Qriqoryan və Tiqran Xaçatryanın baş nazirin müavinləri olduğu hökumətdə bu şəxslər də var: Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Vaqe Kazaryan – daxili işlər naziri, Gevork Papoyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Mxitar Ayrapetyan – yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan – əmək və sosial məsələlər naziri, Akop Simidyan – ətraf mühit naziri.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ildə Erməni Milli Konqresindən parlamentə mandat alıb.
2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ildə qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.