Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilmiş parlament seçkisinin nəticələrini tanımır. Oktyabrın 27-si müxalifət liderləri ilə birgə brifinq keçirən dövlət başçısı seçkidə total saxtakarlığa yol verildiyini iddia edib, xalqı davamlı etiraz aksiyalarına çağırıb.
Sabiq prezident, məhbus Mixail Saakaşvili də eyni məzmunlu çağırış yayıb.
Parlament seçkisinin ilkin nəticələrinə görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 yerlik qanunverici orqanda 89 mandata sahib çıxır.
Yeniliklər koalisiyası 19, Birlik – Milli Hərəkat koalisiyası 16, Güclü Gürcüstan koalisiyası 14, Gürcüstan Uğrunda Partiyası 12 mandatla göstərilir. Bu müxalif qüvvələr seçkinin nəticələrini qəbul etmir, beynəlxalq himayə altında yeni seçki keçirilməsi tələbi qoyur.
Hökuməti proporsional üsulla (partiya siyahıları üzrə) seçilən qanunverici orqanda azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib.
Salome Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində doğulub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb, müxtəlif səfirlik və nümayəndəliklərdə məsul postlar tutub.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-2005-ci illərdə bu ölkənin xarici işlər naziri olub, 2016-cı ildə parlamentin deputatı seçilib.
2018-ci il noyabrın 28-də Gürcü Arzusunun namizədi kimi prezident postuna mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb.
Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.
2023-cü ildən hakim partiya ilə prezident arasında kəskin ziddiyyətlər yaşanır.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub. O, 2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.
Sabiq prezident Gürcüstanda müxtəlif cinayət işləri üzrə məsuliyyətə cəlb olunub.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub. 2022-ci il mayın 12-dən Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində müalicə alır.