Bir çox inzibati cəriməni yeniləyən qanun layihəsi qüvvəyə minmək üzrədir. Parlament layihəni son oxunuşda oktyabrın 22-də qəbul edib. Konstitusiyaya görə, qanun Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır. Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalı, ya da öz etirazları ilə birlikdə Milli Məclisə qaytarmalıdır.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına 300 manat cərimə düşür, əməlin bir il ərzində təkrar törədilməsi 700 manat cəriməyə, yaxud 60 saatdan 100 saatadək ictimai işlər cəzasına gətirir.
Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat, metro stansiyalarının vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa görə 200 manat, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə 300 manat cərimə nəzərdə tutulur.
Yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 4000 manat cərimələnir.
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması fiziki şəxslər üçün 300 manat, vəzifəli şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün 4000 manat cərimə deməkdir. Əməlin bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimələnir, yaxud onlara 60 saatdan 100 saatadək ictimai işlər cəzası verilir, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimələnir.
Cavabdeh şəxslərin məişət tullantılarını vaxtında xüsusi ayrılmış ərazilərə daşımamasına görə vəzifəli şəxslərə 500 manat, hüquqi şəxslərə 2000 manat cərimə düşür.