ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter oktyabrın 21-i Bakıda dövlət başçısı İlham Əliyevlə bir araya gəlib. Görüşdə əsas müzakirə mövzusu Ermənistanla Azərbaycan arasında sülh danışıqları olub. Prezidentə amerikalı həmkarı Cozef Baydenin məktubu təqdim edilib. Məktubda Ermənistanla Azərbaycan arasında sülh sazişinin yekunlaşdırılması istiqamətində səylərin artırılması istənir: “ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Saziş Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Azərbaycan Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əsasında sülh təklif edib. İddialara görə, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin 16 bəndinin 13-ü razılaşdırılıb.