2024-cü ilin “Azad düşüncə mükafatı”na namizədlərin siyahısı açıqlanıb. “Turan”ın 17 oktyabr məlumatına görə, onların arasında iqtisadçı alim, ictimai-siyasi xadim Qubad İbadoğlu da var.
Avropa İttifaqının təmsilçi orqanı olan Avropa Parlamentinin təsis etdiyi “Azad düşüncə mükafatı” məşhur dissident, akademik Andrey Saxarovun adını daşıyır, 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb, mayın 20-də polisin nəzarəti altına verilib.
İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması; dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamları ilə aparılır.
1971-ci il sentyabrın 12-də Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.
Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olub.