Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub.
1920-ci il aprelin 28-də cümhuriyyət Rusiya işğalı ilə süqut edib, Azərbaycan Sovet Sosialist Respublikası elan olunub.
1922-ci il dekabrın 22-də Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılıb.
1989-cu il sentyabrın 23-də parlament (Ali Sovet) Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında konstitusiya qanunu qəbul edib.
1991-ci il fevralın 5-dən Azərbaycan Respublikası adına keçilib.
1991-ci il martın 7-si parlamentdə ittifaqın saxlanması üzrə SSRİ referendumunun Azərbaycanda da keçirilməsi qərarı qəbul edilib. 43 deputat martın 17-nə təyin olunmuş referendumun əleyhinə çıxıb.
Rəsmi hesabata görə, referendumda iştirak edən Azərbaycan seçicilərinin 93,3 faizi ittifaqın saxlanmasını istəyib.
1991-ci il avqustun 19-da SSRİ-də dövlət çevrilişi cəhdi üzündən nəzərdə tutulan Suveren Respublikalar İttifaqını yaratmaq mümkün olmayıb.
1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd referendumla təsdiqlənib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü sayılır.
Dövlət müstəqilliyi bərpa olunandan bəri Azərbaycanda 6 referendum, 9 prezident seçkisi, 7 parlament seçkisi, 5 bələdiyyə seçkiləri keçirilib.
Azərbaycan ərazilərinin bir hissəsi təcavüzə məruz qalıb. Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.