Yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 0,9 faiz, qeyri-neft/qaz sektorunda 7,1 faiz artım qeydə alınıb.
Adambaşına ÜDM 9102,9 manat göstərilir.
Açıqlamaya görə, sənayedə 1,3 faiz yüksəliş (neft-qaz sektorunda 0,6 faiz, qeyri-neft/qaz sektorunda 8,7 faiz), sərmayə qoyuluşunda 3,9 faiz azalma (neft-qaz sektorunda 8,4 faiz, qeyri-neft/qaz sektorunda 1,6 faiz) rəsmiləşib, sentyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nəzərən 8 faiz artaraq 997,1 manata çatıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi isə bildirir ki, yanvar-sentyabr aylarında bölgədə ümumi daxili məhsul istehsalı 1 milyard 67 milyon manata yaxınlaşıb, 2023-cü ilin eyni dövrünə nəzərən 0,7 faiz artım qeydə alınıb.
Adambaşına ümumi daxili məhsul 2272,5 manat göstərilir.
Hesabata görə, sənayedə 0,3 faiz geriləmə, sərmayə qoyuluşunda 2,8 faiz, kənd təsərrüfatında 1,2 faiz artım rəsmiləşib, nəqliyyat sektorunda yük daşınması üzrə 0,7 faiz, sərnişin daşınması üzrə 1,2 faiz yüksəliş, informasiya və rabitə xidmətlərinin dəyərində 2,6 faiz, pərakəndə ticarət dövriyyəsində 1,1 faiz, ödənişli xidmətlərin dəyərində 0,4 faiz artım, xarici ticarət dövriyyəsində 14,8 faiz, ixracda 34,7 faiz, idxalda 12,4 faiz azalma olub, sentyabrın 1-nə orta aylıq nominal əməkhaqqı 775,2 manata çatıb.