Oktyabrın üçüncü ongünlüyündə bələdiyyə seçkilərinin elan olunması gözlənir. Seçkilərin dekabrın 22-də keçirilməsi ehtimalı var.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır. Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkilərinin təyin olunması qərarı səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir.
Ölkədə 1606 bələdiyyə var. Əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü, 500-dən 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü, 1000-dən 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü, 5000-dən 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü, 10000-dən 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü, 20000-dən 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü, 50000-dən 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.
2024-cü ildə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara edilmiş dəyişikliklərə görə, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr başqa bələdiyyələrə birləşdirilməlidir. Əhalisinin və ya ev təsərrüfatlarının sayı bu normadan az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.