Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkisinə qatılmış 27 partiyanın 19-u namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Siyahıların təqdim olunması müddəti sentyabrın 26-da başa çatıb, 8 partiya ələnib.
150 yerlik parlament proporsional üsulla (partiya siyahıları üzrə) seçiləcək. Qanunverici orqana düşmək üçün etibarlı səslərin azı 5 faizini toplamaq gərəkdir.
Gürcüstanda hökuməti qanunverici orqanda azı 76 mandatı olan partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.