Nazirlər Kabineti xüsusi karantin rejimini 2025-ci il yanvarın 1-dək uzadıb. Qərar sentyabrın 25-də verilib.
Rejimin oktyabrın 1-də başa çatması nəzərdə tutulmuşdu.
2020-ci il martın 31-də koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır.
2024-cü il sentyabrın 23-ü Milli Məclis qarşısında çıxış edən prezident İlham Əliyev deyib ki, quru sərhədlərin bağlı saxlanması daxili təhlükəsizliyi təmin etmək üçün yeganə düzgün addımdır: “Daxili təhlükəsizliklə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var – real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. Tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır”.