Səkkiz aylıq xarici ticarət hesabatı yayılıb. Dövlət Gömrük Komitəsi bildirir ki, 2024-cü ilin yanvar-avqust aylarında 172 ölkə ilə ticarət əməliyyatı aparılıb, ixrac 18,2 milyard dolları, idxal 12,7 milyard dolları ötüb.
İxrac yanvarda 1,8 milyard, fevral və mayda 2,9 milyard, martda 1,2 milyard, aprel və avqustda 2,1 milyard, iyunda 1,7 milyard, iyulda 3,1 milyard dollar, idxal yanvarda 1,1 milyard, fevralda 1,3 milyard, martda 1,2 milyard, apreldə 1,7 milyard, mayda 1,8 milyard, iyunda 1,5 milyard, iyul və avqustda 1,9 milyard dollar göstərilib.
Açıqlamaya görə, ixracın 6,1 faizi MDB ölkələrinə, 57,7 faizi Avropa İttifaqı ölkələrinə, 36,2 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 24,3 faiz, Avropa İttifaqının payı 13,9 faiz, başqa ölkələrin payı 61,8 faiz olub.
Ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Çin yer alıb.
İxracın 16 milyard dollarından çoxu neft-qaz sektorunun payına düşüb. Qeyri-neft/qaz sektoru üzrə ixrac 2,1 milyard dolları üstələyib. Hesabata əsasən, ilk beşlikdə meyvə-tərəvəz (424 milyon dollar), plastmas və ondan hazırlanan məmulatlar (264,2 milyon dollar), kimya sənayesi məhsulları (184,6 milyon dollar), pambıq lifi (139,3 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar (135,1 milyon dollar) dayanıb.
Beş əsas idxal məhsulu belə sıralanır: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 2,4 milyard dollar, yeyinti məhsulları – 1,5 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri – 1,4 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 778,5 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 352,6 milyon dollar.