Yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 960,3 milyon manatlıq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 0,2 faiz, qeyri-neft/qaz sektorunda 7 faiz artım qeydə alınıb.
Adambaşına ÜDM 7941,3 manat göstərilir.
Rəsmi məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarına nəzərən investisiya qoyuluşu 1,7 faiz artıb. Neft-qaz sektoruna sərmayələrin 2,4 faiz azaldığı, qeyri-neft/qaz sektoruna 3,9 faiz artdığı vurğulanır.
Sənayenin qeyri-neft/qaz sektorunda 7,8 faiz yüksəlişin rəsmiləşdiyi, avqustun 1-nə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1002,4 manata çatdığı qeyd olunur.
Hesabata əsasən, avqustda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nisbətən 3,5 faiz artıb, qida məhsulları, içkilər və tütün məmulatları 3 faiz, qeyri-qida məhsulları 1,8 faiz, ödənişli xidmətlər 5,6 faiz bahalaşıb.
Pərakəndə ticarət dövriyyəsinin real ifadədə 3,5 faiz artdığı, yanvar-iyul aylarında xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5 faiz, o cümlədən idxalın 3 faiz, ixracın 6,1 faiz azaldığı xəbər verilir.