İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə çevrilir. Prezident İlham Əliyevin 27 avqust fərmanı ilə agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı elan olunub.
Azərbaycanda daha 33 mərkəzi icra hakimiyyəti orqanı var: Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Milli Arxiv İdarəsi.