ABŞ-ın hər iki aparıcı partiyasının prezident seçkisindəki namizədi rəsmiləşib.
Ümumxalq səsverməsi noyabrın 5-nə təyin olunub. Həmin gün 50 ştat və 1 federal dairədən nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək.
Prezidenti Seçicilər Kollegiyası seçir, bu barədə qərar Konqresin iclasında təsdiqlənir.
Qələbə üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.
Demokratlar Partiyası seçkiyə Kamala Harrislə gedir. 1964-cü il təvəllüdlü Kamala Harris Kaliforniya ştatının prokurorluq orqanlarında məsul vəzifələr tutub, o cümlədən ştatın baş prokuroru olub. 2016-cı ildə Konqresin yuxarı palatasının – Senatın üzvü seçilib. 2021-ci il yanvarın 20-dən vitse-prezidentdir.
Prezidentlə birgə vitse-prezident də seçilir. Demokratların bu posta namizədi Timoti Ceyms (Tim) Uolzdur. 1964-cü il təvəllüdlü Tim Uolz Konqresin alt qanadının – Nümayəndələr Palatasının üzvü olub. 2019-cu ildən Minnesota ştatının qubernatorudur.
Respublikaçılar Partiyasından prezidentliyə Donald Tramp namizəddir. 1946-cı il təvəllüdlü Donald Tramp 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək ölkə prezidenti olub.
Respublikaçılar vitse-prezident kimi 1984-cü il təvəllüdlü senator Ceyms Devis (Cey Di) Vensi görmək istəyir.
Vitse-prezident Senata sədrlik edir. Dövlət başçısı vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətləri vitse-prezidentə keçir.
ABŞ-da eyni şəxs maksimum iki dəfə prezident seçilə bilər. Demokratlar Partiyasını təmsil edən indiki prezident Cozef Bayden ikinci dəfə namizəd olmaq fikrindən daşınıb. 1942-ci il təvəllüdlü Cozef Bayden 2009-2017-ci illərdə vitse-prezident postunu tutub, 2021-ci il yanvarın 20-dən prezidentdir.