AXCP-nin 10 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir. Onların 5-i satış məqsədi ilə külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. 2021-ci ildə tutulan Mütəllim Orucova 7 il, Şahin Hacıyevə 6 il, 2022-ci ildə tutulan Razi Alışova 5 il 6 ay, Pünhan Kərimova 5 il, 2023-cü ildə tutulan Elbəyi Kərimova 6 il həbs kəsilib.
Daha 2 cəbhəçi – Sahib Məmmədzadə və Mehman Əliyev 2024-cü ildə eyni ittihamla tutulub.
2023-cü ildə tutulan Elnur Həsənov isə satış məqsədi olmadan külli miqdarda narkotik vasitə saxlama ittihamı ilə 3 il həbs cəzası alıb.
2020-ci ildə tutulan Niyaməddin Əhmədova 13 il həbs cəzası verilib. Hökm terrorçuluğu maliyyələşdirmə, qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma, dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıq ittihamlarına əsaslanıb.
2021-ci ildə tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 il həbsə məhkum edilib.
2023-cü ildə tutulan Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
2023-cü ildə tutulan Elxan Əliyevə külli miqdarda ziyan vurmaqla dələduzluq, hüquq verən rəsmi sənədi saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə ittihamı ilə 5 il həbs cəzası verilib.
1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi (AXC) 1995-ci ildə partiyaya çevrilib. 2000-ci ildən AXCP-yə Əli Kərimli liderlik edir.