Klub turnirlərinin 2024-2025 mövsümündə iki mərhələ bitib, UEFA-nın yarışlara buraxdığı 236 komandanın 74-ü ələnib. Rusiya yarışlardan kənardır, Malta, Lixtenşteyn, Albaniya, Lüksemburq, Şimali Makedoniya və San Marino təmsilçisiz qalıb.
Çempionlar Liqasında 53, Avropa Liqasında 44, Konfrans Liqasında 65 komanda var.
Azərbaycan üç təmsilçisi ilə yarışır. Avropa Liqasına birinci mərhələdən başlayıb ələnən “Zirə” indi Konfrans Liqasının üçüncü raundunda yer alır.
Konfrans Liqasına ikinci mərhələdə start verən “Sabah” raundu aşıb, “Sumqayıt” isə büdrəyib.
“Qarabağ” Çempionlar Liqasına ikinci mərhələdə qoşularaq rəqibini keçib.
Reqlamentə görə, Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı raundlarda ələnənlər Avropa Liqasına köçür, Avropa Liqasını tərk edənlər Konfrans Liqasına düşür.
Hər üç turnirdə liqa raundu 36 komanda ilə oynanacaq. Çempionlar Liqası və Avropa Liqasının liqa raundlarında komandalar 8 matç (4-ü evdə, 4-ü səfərdə), Konfrans Liqasının liqa raundunda 6 oyun (3-ü evdə, 3-ü səfərdə) keçirəcək, ilk 8 pilləni tutan komandalar 1/8 finala, 9-24-cü yerləri tutan komandalar 1/16 finala çıxacaq.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 23-cü pillədədir. Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 1,625 əmsal qazanıb.