Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə qatılanların sənədləri dairə seçki komissiyalarına təqdim etməsi avqustun 2-də bitib. Sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində çıxarılmalıdır.
Marafonda dövlət qeydiyyatına alınmış 26 partiyanın 25-i iştirak edir: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
Azərbaycan Xalq Cəbhəsi Partiyası boykot qərarı verib.
Təşviqat avqustun 9-dan 31-dək aparılacaq.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd deputat seçilmiş sayılır, yekunları Konstitusiya Məhkəməsi təsdiq edir.
Azərbaycan parlamentinin – 125 nəfərlik Milli Məclisin səlahiyyət müddəti 5 ildir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri ölkədə 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.
2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb. 2019-cu il dekabrın 5-də beşinci parlament buraxılıb və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.
Növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. İyunun 28-də altıncı parlament buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçki təyin olunub.
Parlament seçkisinin dolaşıq tarixi
Parlament seçkisi irəli çəkilir
Parlament seçkisinin qaydaları