Fələstinin hərbi-siyasi təşkilatı HƏMAS-ın (İslami Müqavimət Hərəkatı) lideri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə İranın paytaxtı Tehranda öldürülüb. Məlumata görə, İsmayıl Haniyənin qaldığı iqamətgah raket zərbəsinə tuş gəlib.
İsmayıl Haniyə iyulun 30-u Tehranda İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmışdı.
1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.
BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalındadır.
1987-ci ildə yaradılan HƏMAS Fələstinin Qəzza bölgəsinə nəzarət edir. 2023-cü il oktyabrın 7-də Qəzzadan İsrail ərazilərinə hərbi müdaxilə olub, ardınca böyük savaş başlayıb. Son məlumata görə, Qəzzada 40 min nəfərə yaxın adam öldürülüb.
İsrail və bir çox başqa ölkə HƏMAS-ı terrorçu təşkilat sayır.
2006-2007-ci illərdə Fələstinin baş naziri olmuş İsmayıl Haniyə son illər Qətərdə yaşayırdı.