Hazırda AXCP-nin 9 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir. Onların 5-i satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. 2021-ci ildə tutulan Mütəllim Orucova 7 il, Şahin Hacıyevə 6 il, 2022-ci ildə tutulan Razi Alışova 5 il 6 ay, Pünhan Kərimova 5 il, 2023-cü ildə tutulan Elbəyi Kərimova 6 il həbs kəsilib.
Daha 3 cəbhəçi eyni ittihamla həbsdədir. Elnur Həsənov 2023-cü ildə, Sahib Məmmədzadə və Mehman Əliyev 2024-cü ildə tutulub.
2020-ci ildə tutulan Niyaməddin Əhmədov 13 il həbs cəzası alıb. Hökm terrorçuluğu maliyyələşdirmə, qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma, dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıq ittihamlarına əsaslanıb.
2021-ci ildə tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 il həbsə məhkum edilib.
2023-cü ildə tutulan Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
2023-cü ildə tutulan Elxan Əliyevə külli miqdarda ziyan vurmaqla dələduzluq, hüquq verən rəsmi sənədi saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə ittihamı ilə 5 il həbs cəzası verilib.
1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi (AXC) 1995-ci ildə partiyaya çevrilib. 2000-ci ildən AXCP-yə Əli Kərimli liderlik edir.