ABŞ prezidenti Cozef Bayden iyulun 24-də xalqa müraciət edib. Seçki yarışından çəkilməsini estafeti yeni nəslə ötürmək niyyəti ilə əsaslandıran dövlət başçısı seçiciləri vitse-prezident Kamala Harrisə dəstək verməyə çağırıb, payızdakı prezident seçkisini tərəqqi və tənəzzül, ümid və nifrət arasında seçim adlandırıb.
Cozef Bayden iyulun 21-də dövlət başçısı postu yarışından geri çəkilmiş, üzvü olduğu Demokratlar Partiyasını vitse-prezident Kamala Harrisi namizəd göstərməyə səsləmişdi.
Prezident seçkisinin ilk raundu noyabrın 5-nə təyin olunub. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin (Nümayəndələr Palatası və Senat) iclasında təsdiqlənməlidir.
Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.
Demokratlar Partiyası prezidentliyə namizədini avqust ayında müəyyən etməlidir.
1942-ci il təvəllüdlü Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə Senatın üzvü seçilib, 2009-2017-ci illərdə vitse-prezident postunu tutub, 2021-ci il yanvarın 20-dən prezidentdir.
Kamala Harris 1964-cü il oktyabrın 20-də Kaliforniya ştatının Oklend şəhərində doğulub.
Paytaxt Vaşinqtondakı Hovard Universitetində iqtisadiyyat və siyasi elmlər, Kaliforniya Universitetində hüquq üzrə ali təhsil alıb.
Kaliforniya ştatının prokurorluq orqanlarında məsul vəzifələr tutub, o cümlədən ştatın baş prokuroru olub. 2016-cı ildə Konqresin yuxarı palatasının – Senatın üzvü seçilib. 2021-ci il yanvarın 20-dən vitse-prezidentdir.
Respublikaçılar Partiyasından prezidentliyə Donald Tramp namizəddir.
1946-cı il iyunun 14-də doğulan Donald Tramp Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək ölkə prezidenti olub.
Prezidentlə birgə vitse-prezident də seçilir. Respublikaçıların vitse-prezident postuna namizədi senator Ceyms Devis (Cey Di) Vensdir.
Tarixi ənənəyə, 1951-ci ildən bəri isə həm də konstitusiya normasına görə, ABŞ-da eyni şəxs maksimum iki dəfə prezident seçilə bilər. Yalnız Franklin Ruzvelt dövlət başçısı postuna dörd dəfə mandat alıb.
1789-cu ildən bəri ABŞ prezidenti vəzifəsində 45 şəxs əyləşib:
Corc Vaşinqton: 1789-1797
Con Adams: 1797-1801
Tomas Cefferson: 1801-1809
Ceyms Medison: 1809-1817
Ceyms Monro: 1817-1825
Con Kuinsi Adams: 1825-1829
Endrü Cekson: 1829-1837
Martin Van Buren: 1837-1841
Uilyam Harrison: 1841
Con Tayler: 1841-1845
Ceyms Noks Polk: 1845-1849
Zakari Teylor: 1849-1850
Millard Fillmor: 1850-1853
Franklin Pirs: 1853-1857
Ceyms Bükenen: 1857-1861
Avraam Linkoln: 1861-1865
Endrü Conson: 1865-1869
Uliss Qrant: 1869-1877
Raterford Heys: 1877-1881
Ceyms Harfild: 1881
Çester Artur: 1881-1885
Qrover Klivlend: 1885-1889 və 1893-1897
Bencamin Harrison: 1889-1893
Uilyam Mak-Kinli: 1897-1901
Teodor Ruzvelt: 1901-1909
Uilyam Taft: 1909-1913
Vudro Vilson: 1913-1921
Uorren Hardinq: 1921-1923
Kalvin Kulic: 1923-1929
Herbert Huver: 1929-1933
Franklin Ruzvelt: 1933-1945
Harri Trumen: 1945-1953
Duayt Eyzenhauer: 1953-1961
Con Kennedi: 1961-1963
Lindon Conson: 1963-1969
Riçard Nikson: 1969-1974
Cerald Ford: 1974-1977
Cimmi Karter: 1977-1981
Ronald Reyqan: 1981-1989
Corc Buş (ata): 1989-1993
Bill Klinton: 1993-2001
Corc Buş (oğul): 2001-2009
Barak Obama: 2009-2017
Donald Tramp: 2017-2021
Cozef Bayden: 2021-dən.