Yarım illik xarici ticarət statistikası yayılıb. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, 2024-cü ilin yanvar-iyun aylarında 168 ölkə ilə ticarət əməliyyatı aparılıb, 12 milyard 900,9 milyon dollarlıq ixrac, 8 milyard 867,2 milyon dollarlıq idxal qeydə alınıb.
İxracın yanvarda 1,8 milyard, fevral və mayda 2,9 milyard, martda 1,2 milyard, apreldə 2,1 milyard, iyunda 1,7 milyard dolları, idxalın yanvarda 1,1 milyard, fevralda 1,3 milyard, martda 1,2 milyard, apreldə 1,7 milyard, mayda 1,8 milyard, iyunda 1,5 milyard dolları ötdüyü bildirilir.
Hesabata əsasən, ixracın 6,2 faizi MDB ölkələrinə, 56,4 faizi Avropa İttifaqı ölkələrinə, 37,4 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 25,9 faiz, Avropa İttifaqının payı 14,1 faiz, başqa ölkələrin payı 60 faizə yaxın olub.
Ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş İtaliya, idxalda əsas tərəfdaş Çindir.
İxracın 87,6 faizi neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft/qaz sektorunda ixrac 1,6 milyard dollara yaxınlaşıb. İlk beşlikdə meyvə-tərəvəz, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, pambıq lifi, alüminium və ondan hazırlanan məmulatlar göstərilir.
Əsas beş idxal məhsulu belə sıralanır: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, yeyinti məhsulları, nəqliyyat vasitələri və onların hissələri, qara metallar və onlardan hazırlanan məmulatlar, plastmas və onlardan hazırlanan məmulatlar.