Rəsmi hesabata görə, 2023-cü ildə Mərkəzi Bank 748,3 milyon manat gəlir əldə edib, 399 milyon manat xərc çəkib, ili 349,3 milyon manat mənfəətlə başa vurub.
İyulun 1-nə valyuta ehtiyatı 11 milyard 737,6 milyon dollar göstərilib. 2024-cü ilə 11 milyard 613 milyon dollarla start verilmişdi.
Mərkəzi Bank 1992-ci ildə Milli Bank adı ilə yaradılıb. İndiki ad konstitusiyaya 2009-cu ildə edilmiş dəyişikliklə rəsmiləşib.
Qurumun dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi; nağd pul dövriyyəsinin təşkili, pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması; manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən və elan edilməsi; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi və başqa funksiyaları var. 9 nəfərdən ibarət İdarə Heyəti üzvlərini Milli Məclis prezidentin təqdimatı ilə təyin edir. Üzvlər sırasından Mərkəzi Bankın sədrinin təyinatı prezidentin səlahiyyətindədir.
2022-ci il aprelin 13-dən Mərkəzi Bankın sədri postunu Taleh Kazımov tutur.