İranda iyunun 28-də keçirilmiş növbədənkənar prezident seçkisinin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, parlament üzvü Məsud Pezeşkian 10,4 milyon, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Səid Cəlili 9,4 milyon səslə ikinci tura adlayır, parlament sədri Məhəmmədbağır Qalibaf, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi ələnir.
İkinci tur iyulun 5-nə təyin olunub.
1954-cü il təvəllüdlü Məsud Pezeşkian həkimdir. Təbriz Tibb Universitetinin rektoru, səhiyyə naziri, parlament sədrinin birinci müavini olub.
1965-ci il təvəllüdlü Səid Cəlili politoloqdur. Xarici işlər nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi olub.
2021-ci il avqustun 5-dən prezident postunu tutan İbrahim Rəisi mayın 19-da vertolyot qəzasında həlak olub, prezident səlahiyyətləri birinci vitse-prezident Məhəmməd Müxbirə ötürülüb.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti 4 il müddətinə seçilir. Prezident vəzifəsinin yaradıldığı 1980-ci ildən bəri həmin kürsünü bu şəxslər də tutub: Əbülhəsən Bənisədr, Məhəmmədəli Rəcai, Əli Xamneyi, Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad, Həsən Ruhani.
İranın ali rəhbəri (dövlət başçısı) Əli Xamneyidir.