Avropa İttifaqı rəhbərliyinə namizədlər açıqlanıb. Rəsmi məlumata görə, Avropa İttifaqı Şurasının sədri postunda belçikalı Şarl Mişeli portuqaliyalı Antonio Koşta əvəzləyəcək.
1961-ci il təvəllüdlü Antonio Koşta 2015-2024-cü illərdə Portuqaliyanın baş naziri olub.
Qurumun icra orqanının – Avropa Komissiyasının sədri vəzifəsində alman Ursula fon der Lyayen saxlanır.
1958-ci il təvəllüdlü Ursula fon der Lyayen 2019-cu il dekabrın 1-dən Avropa Komissiyasının sədridir.
İttifaqın təmsilçi orqanının – Avropa Parlamentinin sədri postuna yenə maltalı Roberta Metsola məsləhət görülür.
1979-cu il təvəllüdlü Roberta Metsola 2022-ci il yanvarın 18-də Avropa Parlamentinin sədri seçilib.
İspaniyalı Jozep Borrelin tutduğu xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə postuna estoniyalı Kaya Kallas keçir.
1977-ci il təvəllüdlü Kaya Kallas Estoniyanın baş naziridir.
1957-ci ildə yaradılan Avropa İttifaqı 27 ölkəni bir araya gətirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
İyunun 6-9-da Avropa Parlamentinə seçkilər keçirilib. 720 nəfərlik qurumda Avropa Xalq Partiyası, Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı, Avropa Mühafizəkarları və İslahatçıları, Liberalların Yenilənən Avropa, İdentiklik və Demokratiya, Yaşıllar/Azad Avropa Alyansı, Birləşmiş Solçular qrupları və başqa qruplar, həmçinin müstəqillər təmsil olunur.