Nazirlər Kabineti xüsusi karantin rejimini oktyabrın 1-dək uzadıb. Qərar iyunun 24-də verilib.
Rejimin iyulun 1-də başa çatması nəzərdə tutulmuşdu.
2020-ci il martın 31-də koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır.
2024-cü il aprelin 23-ü Bakıda keçirilən beynəlxalq forumda danışan prezident İlham Əliyev qeyd edib ki, quru sərhədlərin bağlı saxlanması qərarı yalnız koronavirusa əsaslanmır: “Sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır”.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. 2024-cü ilin martında yayılmış son hesabata görə, ölkədə 835144 nəfər koronavirusa yoluxub, onların 10428-i vəfat edib.