Milli Məclisin 21 iyun iclasında prezidentə müraciət qəbul olunub. Müraciətdə parlamentin buraxılması və növbədənkənar seçki təyin edilməsi təklifi yer alır.
Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.
Milli Məclisin səlahiyyət müddəti 5 ildir.
2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb, 2019-cu il dekabrın 5-də bu hüququndan istifadə edib və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.
Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər və növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. Ancaq prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə ən çox deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü qaldırıb. Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir.
Parlament 125 deputatdan ibarətdir. 1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 2005-ci ildən başlayaraq tam majoritar sistem tətbiq olunur, 125 deputatın hamısı dairələrdən mandat alır, qələbə üçün nisbi səs çoxluğu tələb olunur.
Hazırda 115 nəfər mandat daşıyır. Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
36 deputat partiyasızdır.