Yeni Azərbaycan Partiyası parlament seçkisini irəli çəkmək təşəbbüsü qaldırıb. İdarə Heyətinin 20 iyun iclasında partiyanın Milli Məclisdəki təmsilçilərinə parlamentin buraxılması və növbədənkənar seçki təyinatı üçün prezidentə müraciət olunması tövsiyə edilib.
Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Birinci parlament seçkisindən (12 noyabr 1995) sonra qüvvəyə minən konstitusiya seçkilərin noyabr ayının ilk bazar günü keçirilməsini müəyyən edib, 2000, 2005, 2010 və 2015-ci illərdə parlament həmin hökmə uyğun seçilib.
2016-cı ildə yenilənən konstitusiya prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verib. 2019-cu il noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə ən çox deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması, növbədənkənar seçkinin təyin olunması üçün prezidentə müraciət edib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi prezidentin sorğusuna baxaraq növbədənkənar parlament seçkisinə yaşıl işıq yandırıb. Dekabrın 5-də prezident Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Yeddinci parlament seçkisi 2025-ci ilin fevral ayına düşür. Ancaq konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisinin 2024-cü ilin noyabr ayında keçirilməsi mümkündür.
Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir.
Parlament seçkisi 125 dairəni əhatə edir.
Hazırda 115 nəfər mandat daşıyır. Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2024-cü ildə adını dəyişib: Ədalət, Hüquq, Demokratiya Partiyası), Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
36 deputat partiyasızdır.